QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri vəzifəsinə təyin olunub.

Səbuhi Sadıqov 22 iyul 1984-cü ildə Füzuli şəhərində anadan olub. 2001–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr və magistr təhsili alıb, hər iki pilləni fərqlənmə diplomu ilə başa vurub.

2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti ona beynəlxalq CPA (Certified Public Accountant) dərəcəsi və lisenziyası verib.

Sadıqovun əmək fəaliyyəti 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb və 2018-ci ilədək davam edib. Bu müddətdə “Ernst & Young” şirkətində çalışaraq baş menecer vəzifəsinədək yüksəlib.

2018–2021-ci illərdə “PMD” şirkətlər qrupunun Audit departamentinin direktoru olub, eləcə də digər audit strukturlarında rəhbər vəzifələr tutub.

2021-ci ilin dekabrında Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilən Sadıqov 2026-cı ilin noyabrında qurumun sədri vəzifəsinə gətirilib. O, ailəlidir və iki övladı var.