QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, cüdo üzrə beşqat Olimpiya çempionu Teddy Riner 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

37 yaşlı idmançı qərarını noyabrın 9-da “Le Parisien” qəzetinə verdiyi müsahibədə və sosial şəbəkələrdə paylaşdığı videoda açıqlayıb. “Bu gün sizə açıq şəkildə deyirəm: prezident seçkilərində namizədəm”, – Riner bildirib.

O, Fransada sosial parçalanmanın, gənclər arasında gələcəyə inamın zəifləməsinin və cəmiyyətdəki narazılığın namizəd olmaq qərarına təsir göstərdiyini deyib. Riner özünü nə sağ, nə də sol düşərgəyə aid sayır və fransızları bir araya gətirməyi hədəflədiyini vurğulayır.

İdmançı “La France qu’on veut” (“İstədiyimiz Fransa”) şüarı ilə kampaniyaya start verib. O, namizədlik planında qərarlı olduğunu, bu məqsədlə müxtəlif sahələri təmsil edən insanları ətrafına cəlb etdiyini bildirib.

Fransada prezidentliyə namizəd olmaq istəyənlər seçkili şəxslərdən 500 imza toplamalıdır. Siyasi fəaliyyətə başlamasına baxmayaraq, Riner idman karyerasını bitirmək fikrində olmadığını deyib. O, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə biləcəyini də istisna etməyib.