QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Sea Breeze” layihəsinin təsisçisi və sahibi, “Agalarov Development” şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları yatırmağa hazır olduğunu bildirib.
Monarx III Msvatinin sözlərinə görə, Ağalarov krallığa 1,65 milyard lilangeni həcmində investisiya qoymaq öhdəliyi götürüb. Açıqlama Mbabane və Manzini şəhərlərinin arasında yerləşən Ezulvini turizm vadisində verilib.
Bu sərmayə öhdəliyi Esvatinin xarici kapital cəlb etmək səylərinin növbəti mərhələsi kimi təqdim olunub. Kiçik Cənubi Afrika krallığı bu məqsədlə investisiya konfransları keçirir və monarxın xarici ölkələrə dövlət səfərlərindən istifadə edir.
Bəyanat Msvatinin may ayında Azərbaycana etdiyi səfərdən sonra səsləndirilib. Həmin vaxt Emin Ağalarov kral və Nazirlər Kabinetinin üzvlərindən ibarət nümayəndə heyəti üçün “Sea Breeze” ərazisində gəzinti təşkil edib.
Esvatinə qayıdandan sonra Msvati Ludzidzini kral iqamətgahında jurnalistlərə Azərbaycanın ölkəsinə iqtisadi dəstək verməyə maraq göstərdiyini deyib. O, həmçinin Azərbaycan şirkətlərinin energetika və neft sahələri də daxil olmaqla, müxtəlif istiqamətlər üzrə texniki-iqtisadi əsaslandırmalar aparmaq niyyətində olduğunu bildirib.
Tərəflər faydalı qazıntıların işlənməsi və hasilatı sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu da imzalayıblar.