QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Mixail Podolyakın böyük qardaşı Vladimir Podolyak Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüşərkən həlak olub.

Bu barədə “Killed in Ukraine” (KIU) araşdırma layihəsi məlumat yayıb. Layihənin bildirdiyinə görə, 59 yaşlı Vladimir Podolyak 2024-cü il mayın 19-da Zaporojye vilayətində müvəqqəti işğal altında olan Kirillovka qəsəbəsində ölüb. Məlumat Rusiyanın Dövlət Statistika Xidmətindən sızdırılmış sənədlər əsasında üzə çıxıb.

Sənədlərdə onun döyüş əməliyyatları zamanı aldığı kəllədaxili travma nəticəsində öldüyü qeyd olunur. Vladimir Podolyakın Rusiya ordusunda polkovnik olduğu və hərbi kəşfiyyatla əlaqəli mükafatlara layiq görüldüyü bildirilir.

Araşdırmaçılar onun məzarını 2024-cü ilin iyununda aşkar etmişdilər. Bununla belə, ölümünün detalları indiyədək açıqlanmamışdı.

Mixail Podolyak əvvəllər qardaşının Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiqləyib, onun 2021-ci ildə hərbi xidmətdən təqaüdə çıxdığını demişdi. O, qardaşının vəfatı ilə bağlı hələlik açıqlama verməyib.