QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin müxalif “Şərəf duyuram” fraksiyasından olan deputat və politoloq Tiqran Abrahamyan Azərbaycanın gündəliyini, eləcə də onu Ermənistanda həyata keçirən hakim rejimi qəbuledilməz sayır.
Abrahamyan Azərbaycanın sülh prosesi çərçivəsində irəli sürdüyü şərtləri təzyiq və birtərəfli güzəşt tələbi kimi dəyərləndirib. Onun sözlərinə görə, Ermənistan bu tələbləri qəti şəkildə rədd etməlidir.
Deputat bildirib ki, ölkənin daxili və xarici gündəliyində ortaq mövqeyə gəlməyin çətin olduğu çoxsaylı məsələlər mövcuddur. Bununla yanaşı, vahid yanaşma tələb edən prioritetlər də var və onlardan biri Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməməsidir.
Abrahamyan həmin tələblərin erməni girovların saxlanılması vasitəsilə təzyiq göstərilməsində, Ermənistanın yeni güzəştlərə məcbur edilməsində və ölkəyə yeni konstitusiyanın tətbiqi istəyində ifadə olunduğunu deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq tədbirlərdə və rəsmi görüşlərdə Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayır. Mənbədə qeyd olunur ki, Abrahamyan kimi müxalif siyasətçilər isə sülh prosesinə kölgə salan bəyanatlar verməyə davam edirlər.