QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Goranboy rayonunun Todan kəndi ərazisində avtomobilin dərəyə aşması nəticəsində 64 yaşlı Naqilə Həsənəliyeva həyatını itirib.

Mehman Kazımovun idarə etdiyi “Lada Niva” 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Sərnişin olan kənd sakini ağır xəsarət alıb və Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Məlumata görə, sürücü avtomobili saxlayıb və maşından düşüb. Bundan sonra nəqliyyat vasitəsi eniş istiqamətində hərəkətə başlayaraq sürətlənib və dərəyə düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsində şəhid olmuş Sirac Həsənəliyevin anasıdır. Sirac Qulu oğlu Həsənəliyev 1986-cı ildə anadan olub. O, altı yaşında olarkən Todan kəndində həyətdə oynadığı vaxt erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.