QafqazNews Manset.az-a istinadən xəbər verir ki, UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın futbola yanaşmasını tənqid edib.
Bonek ispaniyalı mütəxəssisə hörmət bəslədiyini, ancaq onun oyun fəlsəfəsinin futbola mənfi təsir göstərdiyini deyib. Vitse-prezident Qvardiolanın komandasının qısa ötürmələrə üstünlük verərək topu meydanın bir cinahından digərinə daşımasını və oyunda 1788 ötürmə etməsini bəyənmədiyini vurğulayıb.
O, irəli oynamağa və qol vurmağa çalışan, şaquli futbol sərgiləyən komandaları üstün tutduğunu bildirib. Bonek İtaliya təmsilçiləri “Latsio” və “Frozinone”ni nümunə göstərərək onların hücuma yönələn oyuna və riskə daha çox meyil etdiyini qeyd edib.
“Ən az ötürmə ilə, mümkün qədər sadə şəkildə qol vurmağa çalışan komandaların oyununu bəyənirəm. Ötürmələr az, amma sürətli olmalıdır. Müasir futbolda ləngliyə yer yoxdur. Yavaş futbolçuların artıq şansı qalmayıb. Geriyə ötürmələr isə komandaya zərər verir”, – Bonek deyib.