QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın futzal millisində gənc oyunçuların inkişafı üçün onlara meydana çıxmaq imkanı yaradılır. Komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Elvin Quliyev bu barədə Çexiya ilə DÇ-2028-in əsas mərhələsi çərçivəsində keçirilən qarşılaşmadan sonra mətbuat konfransında danışıb.
Quliyevin sözlərinə görə, millinin oyunu ilk hissədə istənilən səviyyədə olub, lakin fasilədən sonra komanda səhvlərə yol verib. Rəqib isə həmin səhvlərdən yararlanıb. Görüşün son dəqiqələrində riskə gedən Azərbaycan yığması hesabı bərabərləşdirə bilib.
Baş məşqçi təcrübəsizliyin nəticəyə təsir etdiyini bildirib. O, gənc oyunçulara imkan verməklə onların inkişafını hədəflədiklərini, futbolçuların irəliləyişinin komandanın uğur qazanmasına şərait yaradacağını vurğulayıb.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan–Çexiya oyunu 2:2 hesabı ilə başa çatıb.