QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, 38 ölkənin nüvə təhlükəsizliyi qurumları Rusiyanı Ukraynada nüvə obyektlərinin təhlükəsizliyinə risk yaradan hücumları dayandırmağa çağırıb. Müraciətdə nüvə qəzası ehtimalının yüksəldiyi bildirilib.

Siyasi şərhçi Xəqani Cəfərli Rusiyanın Ukraynanı və Avropanı nüvə təhlükəsi ilə çəkindirməyə çalışdığını deyib. Onun sözlərinə görə, Moskvanın hazırda əlində nüvə şantajından başqa təsir vasitəsi qalmayıb.

“Bir tərəfdən Kreml nüvə silahından istifadə edəcəyi ilə hədələyir, digər tərəfdən isə Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinə təhlükə yaradan hücumlar həyata keçirir”, – Cəfərli bildirib.

Ekspert beynəlxalq çağırışların nəticə verməyəcəyini düşünür. O, Rusiyanın yalnız güc tətbiqi ilə çəkindirilməsinin mümkün olduğunu bildirərək, Ukraynanın Rusiyanın nüvə obyektlərinə, eləcə də onların təhlükəsiz işləməsi üçün zəruri enerji infrastrukturuna zərbələr endirməsini təklif edib. Cəfərlinin fikrincə, bu addım Moskvanı nüvə şantajını dayandırmağa sövq edə bilər.

Şərhçi həmçinin Qərb ölkələrinin Ukraynaya dəstək verməli və Rusiyaya qarşı təzyiqi artırmalı olduğunu qeyd edib.