QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Rusiyanın hakim “Vahid Rusiya” partiyasının sədri, keçmiş prezident Dmitri Medvedev seçki proseslərinin beynəlxalq qarşıdurmanın yeni qlobal arenasına çevrildiyini bildirib.
Medvedevin sözlərinə görə, bu vəziyyəti həm Qlobal Cənub ölkələri, həm də Avropa dövlətləri aydın şəkildə hiss edirlər. O qeyd edib ki, vaxtilə təəccüblü görünə biləcək bu hal indi reallığa çevrilib.
Medvedev nümunə kimi Almaniya, Rumıniya, Bolqarıstan, Moldova, Ermənistan və bir sıra başqa ölkələri, eləcə də son dövrdə Braziliyanı göstərib. Onun fikrincə, pərdə arxasında qərarları yönəldənlər, ölkə daxilində və ya onun hüdudlarından kənarda fəaliyyət göstərmələrindən asılı olmayaraq, xalqın iradəsini nəzərə almağa nə hazırdırlar, nə də buna maraq göstərirlər.
Ötən həftə Ermənistanın KTMT tədbirlərində ardıcıl iştirak etməməsi və üzvlük haqqını ödəməməsi nəticəsində İrəvan qurumda səsvermə hüququndan məhrum edilib. Rusiyanın hakim dairələri Ermənistanın Qərblə yaxınlaşmasını narahatlıqla izləyirlər.