QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, süni intellektlə redaktə edilən daşınmaz əmlak fotoları ev axtaranları yanlış yönləndirə bilir. “Housefishing” adlandırılan bu üsul zamanı otaqlar olduğundan böyük göstərilir, mövcud qüsurlar ört-basdır edilir, hətta evdə olmayan memarlıq detalları şəkillərə əlavə olunur.
Türkiyənin “CHIP” nəşrinin BBC-yə istinadla yaydığı məlumata görə, “housefishing” termini sosial şəbəkələrdə saxta kimliklə insanları aldatmaq mənasını verən “catfishing” anlayışından yaranıb. Fərq ondadır ki, bu halda aldadıcı profil yox, həqiqəti əks etdirməyən mənzil fotoları təqdim olunur.
Londonda beş yataq otaqlı ev axtaran Oliviya Nikol da belə halla qarşılaşıb. O, “Rightmove” platformasında gördüyü elana əsasən evə baxış üçün vaxt götürüb. Ünvan üzrə mənzilə çatanda isə fotolarla real vəziyyət arasında ciddi fərq olduğunu anlayıb.
Evdəki otaqlar onun gözlədiyindən xeyli balaca, interyer isə elandakı təsvirə uyğun olmayıb. Fotolarda göstərilməyən divar çıxıntısı və həqiqi ölçüsündən iri təqdim olunan pəncərələr də diqqət çəkib. Nikol evə baxmaq üçün işindən saatlarla ayrıldıqdan sonra süni intellektlə aldadıldığını düşünüb; nəticədə vaxtının itirildiyini və yanlış məlumat aldığını bildirib.
Daşınmaz əmlak şəkillərində genişbucaqlı obyektivlərdən və “Photoshop” kimi proqramlardan istifadə əvvəldən mövcud olsa da, süni intellekt bu cür dəyişiklikləri daha rahat və sürətli etməyə imkan verir. Artıq yalnız rəng və işıqlandırmanı deyil, otağın fiziki görünüşünü də əsaslı şəkildə dəyişmək mümkündür.
Sosial mediada “Housing Horrors” layihəsi ilə tanınan Cek Buşrod son altı ay ərzində süni intellektlə işlənmiş fotoların yer aldığı elanların nəzərəçarpacaq dərəcədə artdığını deyib. Onun fikrincə, əsas narahatlıq bu dəyişikliklərin çox vaxt alıcılara bildirilməməsidir.
Buşrodun gördüyü hallara daşıyıcı sütunun silinib yerinə pəncərə çəkilməsi, xalılardakı ləkələrin aradan qaldırılması, eləcə də çatlamış kafellərin qüsursuz göstərilməsi daxildir.
O, süni intellektdən istifadənin bütün formalarına qarşı olmadığını vurğulayıb. Boş otağa virtual mebel əlavə etmək və ya dağınıq məkanı rəqəmsal qaydada səliqəyə salmaq alıcının evin imkanlarını təsəvvür etməsinə yardım edə bilər. Bununla belə, qüsurları gizlətmək və mənzilin ölçülərini dəyişdirmək yolverilməz sayılır.
Narazılıqlar fonunda əmlak agentliklərindən biri süni intellektlə yaradılan və ya dəyişdirilən bütün fotoların xüsusi qeydlə təqdim olunacağı yeni qaydanı tətbiq etdiyini açıqlayıb. Agentliyin nümayəndəsi bildirib ki, bu texnologiyanın məqsədi satışdakı evin real xüsusiyyətlərini dəyişmək deyil, alıcılara müxtəlif dizayn və mebel yerləşdirmə variantlarını göstərmək olmalıdır.
“Housefishing” əmlak elanlarında foto redaktəsinin hansı həddə aldatmaya çevrildiyi sualını yenidən gündəmə gətirib. Qüsurların gizlədilməsi və otaqların olduğundan böyük göstərilməsi internetdə ev axtaranların elanlardakı şəkillərə etibarını sarsıdır.