QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, internetdə kiminsə nüfuzuna xələl gətirən məlumatların paylaşılması və ünvanına təhqiramiz ifadələr yazılması hüquqi məsuliyyətə səbəb ola bilər. Vəkil Elşad İsayev bildirib ki, sosial şəbəkələr qanun qarşısında məsuliyyətdən kənar məkan sayılmır.

İsayevin sözlərinə görə, şəxsin şərəf və ləyaqətini ləkələyən yalan məlumatın qəsdən yayılması böhtan, onu nalayiq şəkildə bilərəkdən alçaltmaq isə təhqir kimi qiymətləndirilə bilər. Bu əməllərə görə Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri, saxta profillərdən istifadə ilə bağlı isə 148-1-ci maddə üzrə məsuliyyət nəzərdə tutulur.

Vəkil qeyd edib ki, hər mənfi rəy və ya tənqid hüquq pozuntusu hesab edilmir. Vətəndaşlar, o cümlədən ictimai və vəzifəli şəxslər, tənqid oluna və fikirlər sərbəst ifadə edilə bilər. Ancaq tənqid adı ilə bilərəkdən yalan məlumat yaymaq, yaxud insanı nalayiq formada alçaltmaq yolverilməzdir.

Fikir və söz azadlığı ilə şərəf və ləyaqətin qorunması arasındakı tarazlığın saxlanılmasının vacibliyini vurğulayan İsayev bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi şərəf və ləyaqətin müdafiəsinə, 47-ci maddəsi isə fikir və söz azadlığına təminat verir. Bu azadlıq başqasının hüquqlarını pozmağa əsas vermir. Hüquqi qiymətləndirmə aparılarkən ifadənin məzmunu, fakt və ya subyektiv fikir olması, doğruluğu və işlədilmə forması nəzərə alınmalıdır.

Sosial şəbəkədə böhtan və təhqirlə üzləşən şəxslərə paylaşımın ekran görüntülərini, internet keçidini, tarixini və başqa elektron sübutları qoruyub saxlamaq tövsiyə olunur. Bundan sonra mülki qaydada məhkəməyə müraciət edərək məlumatın təkzibini və silinməsini, eləcə də mənəvi zərərin ödənilməsini tələb etmək mümkündür.

Əməldə cinayət tərkibinin əlamətləri varsa, qanunla nəzərdə tutulan cinayət-hüquqi müdafiə yollarından da istifadə edilə bilər. İsayevin fikrincə, sosial şəbəkələrdə söz azadlığı məsuliyyətsiz davranmaq kimi başa düşülməməli, virtual mühitdə də başqalarının şərəf və ləyaqətinə hörmət edilməlidir.