QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, internetdə böhtan və təhqirlə üzləşən şəxslərin məhkəməyə müraciət qaydaları və təqdim etməli olduqları sübutlarla bağlı izahat verilib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, xüsusi ittiham qaydasında böhtan və təhqir barədə şikayət yazılı şəkildə aidiyyəti birinci instansiya məhkəməsinə təqdim olunmalıdır.
Ümumi qaydaya görə, müraciətə əməl baş verən ərazi üzrə məhkəmədə baxılır. Məsələn, kütləvi çıxış zamanı təhqiramiz sözlərin deyildiyi yer məlumdursa, şikayət həmin əraziyə aid məhkəməyə verilməlidir.
Fuad Axundovun sözlərinə görə, media və internet resurslarında yayılan bu xarakterli məlumatlarla bağlı məhkəmə aidiyyəti ayrıca qaydalarla müəyyən olunur. Bu məsələyə Ali Məhkəmə Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndində aydınlıq gətirilib.
Media vasitəsinin və ya internet resursunun hüquqi ünvanı müəyyən edilə bilirsə, aidiyyət, bir qayda olaraq, həmin ünvan əsas götürülməklə təyin olunur. Hüquqi ünvan bilinmədikdə və ya resurs xarici ölkədə qeydiyyatdan keçdikdə, şikayət məlumatı yayan şəxsin Azərbaycandakı son yaşayış yeri üzrə məhkəmədə araşdırılır.
Hakim nümunə olaraq qeyd edib ki, feysbukda şəxsə qarşı böhtan xarakterli məlumat dərc olunarsa, platformanın xaricdə qeydiyyatda olması nəzərə alınmalıdır. Bu halda ərizə məlumatı paylaşan şəxsin Azərbaycandakı qeydiyyat ünvanına uyğun birinci instansiya məhkəməsinə verilir. Paylaşımın Bakıda, yaxud başqa yerdə yerləşən şəxsin cihazından edilməsinin aidiyyətə təsiri yoxdur.
Axundov məhkəməyə müraciət zamanı sübutların lazımi qaydada qorunmasının vacibliyini də vurğulayıb. Əvvəlcə mübahisə edilən paylaşımın mənbəyi və məzmunu saxlanmalıdır. İnternet ünvanı, istifadəçi və ya kanalın adı, paylaşım tarixi, yazı və video materiallar qorunmalıdır. Videoda mübahisəli ifadənin yer aldığı hissə müəyyənləşdirilməli, eyni zamanda onun deyildiyi ümumi kontekst də saxlanmalıdır.
Ekran görüntüləri təqdim edilərkən onların hansı tarixdə və hansı hesabdan götürüldüyünü göstərmək lazımdır. Məhkəmə sübutun haradan əldə olunduğunu, həqiqiliyini və konkret şəxslə əlaqəsini yoxlayır.
Hakimin bildirdiyinə görə, xüsusi ittiham qaydasında verilən şikayətin məzmunu və forması AR Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələri ilə tənzimlənir. Ərizədə müraciətçinin adı, soyadı, atasının adı, doğum ili, yaşayış ünvanı və məşğuliyyəti, habelə şikayətə əsas olan əməlin nədən ibarət olduğu, harada, nə zaman və hansı şəraitdə baş verdiyi qeyd edilməlidir. Zərər dəymişdirsə, bu barədə məlumat da göstərilməlidir.
Şikayətə barəsində müraciət olunan şəxsin anket məlumatları və yaşayış ünvanı, əməlin həmin şəxs tərəfindən törədildiyini təsdiqləyən məlumatlar, eləcə də şahidlər, sənədlər və başqa sübutlar əlavə edilməlidir.
Fuad Axundov konkret olaraq böhtan və ya təhqir sayılan ifadələrin ərizədə dəqiq yazılmasının əhəmiyyətini qeyd edib. Şikayətdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə tələb, sənədin tərtib edildiyi yer və tarix, həmçinin şikayətçinin imzası olmalıdır.