QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə estetik müdaxilələrlə formalaşdırılmış qadın bədəninin məhsullarla yanaşı nümayiş etdirilməsi gözəllik barədə zərərli təsəvvürləri gücləndirir. Psixoloq Elmir Əkbər bu cür paylaşımların, xüsusilə yeniyetmələrə təsirləri ilə bağlı fikirlərini bölüşüb.
Əkbərin sözlərinə görə, qadının reklamda bu şəkildə təqdim edilməsi onu fərd və subyekt kimi deyil, iqtisadi maraqlara xidmət edən alqı-satqı obyekti kimi göstərir. O bildirib ki, sahibkarların məhsul satmaq istəyini anlamaq mümkün olsa da, müəyyən mənəvi dəyərlər qorunmalı, zərurət yaranarsa, dövlət bu sahəni hüquqi vasitələrlə tənzimləməlidir.
Psixoloq qeyd edib ki, bədən kultunu təbliğ edən reklamlar insanlarda öz görünüşünü dəyişmək və müəyyən ölçülərə uyğunlaşmaq tələbi yarada bilər. Bu cür süni gözləntilər sonradan ağır psixoloji böhranlara səbəb ola bilər.
Əkbər vurğulayıb ki, keçid dövründə olan yeniyetmələr saxta mükəmməllik təqdimatından daha çox zərər görə bilərlər. Onun sözlərinə görə, yeniyetməlikdə bədən görünüşündən patoloji narazılıqla səciyyələnən dismorfomaniya və dismorfobiya halları daha çox müşahidə olunur. Daxili böhran yaşayan gənclərin zahiri görünüşlərindən narazılığı sosial şəbəkələrdəki aqressiv reklamlarla daha da arta, obsesiv hallara və gələcəkdə ciddi psixoloji problemlərə zəmin yarada bilər.
Müsahib bu reklamların qanunvericilik səviyyəsində məhdudlaşdırılmasını və daimi nəzarətdə saxlanılmasını vacib sayır. O bildirib ki, insan bədəninin reklamda bu formada göstərilməsi xüsusi qaydalarla tənzimlənməli, qanunda sərhədlər aydın müəyyən edilməlidir. Əkbərin fikrincə, satış və iqtisadi maraqlar insanın və şəxsiyyətin dəyərindən üstün tutulmamalıdır.
Psixoloq qadın bədənini marketinq vasitəsinə çevirən yanaşmanı gizli istismar forması adlandırıb. O, feminizmin qadın hüquqlarının müdafiəsi baxımından bu məsələlərə diqqət yetirməli olduğunu deyib. Əkbər qadına satış obyekti kimi yanaşmağı qeyri-insani hesab edib və bu təbliğatın qurbanlarının gələcəkdə nevroz kimi daha ciddi psixoloji pozuntularla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.