QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr olunan yığıncaq təşkil edilib.

Toplantıda komitənin rəhbər heyəti və əməkdaşları, İctimai Şuranın üzvləri, Qarabağ müharibəsi veteranları, eləcə də şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və ölkənin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra Dövlət Himni səsləndirilib.

Komitə sədri Rövşən Rzayev çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin xalqın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu bildirib. O, Qələbəyə töhfə verən hər bir müharibə iştirakçısı və veteranın ehtirama layiq olduğunu vurğulayıb. İşğaldan azad olunmuş ata-baba yurdları uğrunda məcburi köçkün ailələrindən olan gənclərin göstərdiyi fədakarlıq da qeyd edilib.

Yığıncaqda bildirilib ki, məcburi köçkünlərin doğma yurda dönmək arzusu artıq gerçəkləşir. Prezident İlham Əliyevin bu ailələrə diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların yaşayış, sağlamlıq, təhsil və mədəni inkişaf məsələlərinə verdiyi dəstək minnətdarlıqla vurğulanıb.

Qələbədən sonra Böyük Qayıdışın azad edilmiş ərazilərdə həyatın bərpasına təkan verdiyi, dövlət başçısının tapşırıqları ilə quruculuq işlərinin geniş miqyasda davam etdiyi diqqətə çatdırılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli köçürülməsi barədə məlumat verilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda daimi yaşayan, çalışan və təhsil alanların sayının 100 min nəfərə çatdığı bildirilib. Komitədə çalışan müharibə veteranlarının da qayıdış prosesində iştirak etdiyi qeyd olunub.

Tədbirdə I Qarabağ müharibəsinin veteranları Babək Aslanov, Rey Kərimoğlu, Fuad Salahov, Ədalət Məmmədov və Səbuhi Hüseynov, Vətən müharibəsinin iştirakçıları Amil Əbilov və Nicat Cəlilov, həmçinin şəhid ailəsinin üzvü Fəridə Cabbarova çıxış ediblər. Natiqlər Qələbənin əldə olunmasında mühüm rol oynayan amillərdən danışaraq, dövlət başçısının qətiyyətini və diplomatik fəaliyyətini, eləcə də ordunun peşəkarlığını qeyd ediblər.

Komitə sədrinin müavini Fuad Hüseynov, şöbə müdirləri Nizami Hüseynov və Sənan Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və digər çıxışçılar Zəfərin əhəmiyyətindən, ölkədə qələbə və quruculuq əhval-ruhiyyəsindən, Böyük Qayıdışla Qarabağ və Şərqi Zəngəzurda həyatın canlanmasından bəhs edib, iştirakçıları bayram münasibətilə təbrik ediblər.

Sonda işğaldan azad olunmuş ərazilərdəki tikinti və bərpa layihələrini, regionun inkişaf perspektivlərini və Böyük Qayıdışdan görüntüləri əks etdirən videoçarxlar nümayiş etdirilib.