QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, gələn ildən pensiyaların indeksləşdirilməsi üçün yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, orta pensiyanın artması bütün pensiyaların eyni faizlə yüksələcəyi anlamına gəlmir.

Deputatın sözlərinə görə, qaydalar nisbətən az pensiya alanların daha yüksək artım əldə etməsinə imkan yaradacaq. Təxminən 1200 manatadək pensiya alanlara tam indeksləşmə tətbiq olunacaq. 1200 manatdan 5000 manatadək pensiya alanların indeksləşdirilməsində 0,5, 5000 manatdan artıq pensiya alanlar üçün isə 0,2 əmsalı nəzərdə tutulur.

Bayramov qeyd edib ki, bu sistem pensiya məbləğləri arasındakı fərqləri nəzərə alaraq, az pensiya alanların gəlirlərinin daha yüksək faizlə artmasına xidmət edir.

Pensiyaların dəqiq artım faizi 2026-cı ildə orta aylıq əməkhaqqının yüksəlmə göstəricisinə əsasən müəyyən ediləcək. Başqa sözlə, cari ildə əməkhaqqının hansı faizlə artacağı 2027-ci ilin əvvəlində pensiyaların indeksləşdirilməsində əsas götürüləcək.

Gözlənilən dəyişiklik ümumilikdə 1 milyon 100 min nəfəri əhatə edəcək. Artım yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alanlara da şamil olunacaq.