QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Layihə operativ vergi nəzarətinin əhatə dairəsinə elektron əmtəə-nəqliyyat qaiməsi tərtib olunmadan avtomobillə daşınan və təqdim edilən malların aşkar edilməsini də daxil edir. Belə pozuntuya yol verən, malı təqdim etmiş vergi ödəyicisinə həmin malların ümumi dəyərinin 2 faizi həcmində maliyyə sanksiyası tətbiq olunacaq.

Bu müddəalar orta və iri sahibkarlıq subyektləri üçün 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektləri üçün isə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Beynəlxalq avtomobil yükdaşıması həyata keçirən fərdi sahibkarların bu fəaliyyətdən qazandıqları gəlirin yarısı, hüquqi şəxslərin isə həmin iş üzrə mənfəətinin 50 faizi 2027-ci il yanvarın 1-dən etibarən üç il müddətinə vergidən azad ediləcək.

Həmçinin, aidiyyəti qurumun təsdiqləyəcəyi siyahıya daxil olan, istehsalından yeddi ildən çox keçməmiş və Avro-6 ekoloji normalarına cavab verən dartıcıların idxalına 2027-ci il fevralın 1-dən üç il müddətində əlavə dəyər vergisi tətbiq edilməyəcək. Eyni müddət ərzində istehsalından yeddi ildən artıq vaxt keçməyən qoşqu və yarımqoşquların idxalı da ƏDV-dən azad olacaq.

Siyahısı müvafiq qurum tərəfindən təsdiqlənən, istehsal tarixindən yeddi ildən çox keçməyən qoşqu və yarımqoşquların idxalı isə həmin tarixdən başlayaraq üç il müddətinə gömrük rüsumundan azad ediləcək.