QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədsiz evlərin qeydiyyata alınması üçün mərhələli əmlak amnistiyası və vahid dövlət proqramının hazırlanmasını təklif edib. O, bu fikirləri parlamentin bugünkü iclasında Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səsləndirib.

Zahid Orucun sözlərinə görə, Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına düşməyən fərdi evlərə dair araşdırma problemin miqyasını üzə çıxarıb. O bildirib ki, söhbət müvəqqəti tikililərdən deyil, uzun illər ərzində yaranmış yaşayış massivlərindən gedir.

Deputatın təqdim etdiyi məlumatlara əsasən, sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən çox, 36,8 faizi isə 10-20 il aralığında yaşayıb. Beləliklə, iştirakçıların təxminən 70 faizi on ildən artıqdır eyni ünvanda məskunlaşıb. Aylıq gəliri 400 manatadək olanların payı 27,9 faiz, 400-1000 manat gəlir əldə edənlərin payı isə 35,6 faiz təşkil edib. Oruc bu göstəricilərin sakinlərin böyük qisminin aztəminatlı və orta gəlirli ailələr olduğunu göstərdiyini deyib.

Komitə sədrinin bildirdiyinə görə, sənədsiz evlərin 81 faizi bir mərtəbəlidir, əksəriyyətinin sahəsi isə 51-150 kvadratmetr təşkil edir. Həmin evlərin 60 faizi sakinlər tərəfindən tikilib, 27 faizi isə alınıb. Buna görə də, Orucun fikrincə, qeydiyyatsız evlərə vahid hüquqi yanaşma tətbiq etmək düzgün olmaz.

2023-cü ilədək inşa olunan sənədsiz evlərin hamısında elektrik, 98 faizində qaz, 88 faizində su xətti mövcud olub. Bununla yanaşı, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə evlərin yalnız 47 faizi qoşulub. Deputat qeyd edib ki, dövlətin kommunal xidmət qurumları bu evləri uzun müddət faktiki yaşayış yerləri kimi qəbul etsə də, mülkiyyət hüquqları rəsmiləşdirilməyib.

Zahid Oruc təklif edib ki, sənədsiz evlər və torpaq sahələri vahid bazada qeydə alınaraq inventarlaşdırılsın, rəsmiləşdirilməsi mümkün olan əmlak isə məhkəməyə müraciət tələb etməyən sadələşdirilmiş prosedurla qeydiyyata salınsın. Mühafizə zonaları və təhlükəli ərazilər amnistiyaya daxil edilməməli, orada yaşayanlara alternativ variantlar təqdim olunmalıdır. O, amnistiyanın yeni qanunsuz tikintilərə şərait yaratmamasının vacibliyini də vurğulayıb.