QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Azər Həsrət İranın sərhəddə hərbi texnika nümayiş etdirməsini tənqid edib və Azərbaycanın təhlükəsizlik tədbirlərini gücləndirməli olduğunu bildirib.
Son günlər İranla Azərbaycan arasındakı sərhədə raketlərin gətirilməsi barədə iddialar yayılıb. ABŞ və İran arasında gərginlik yüksəldiyi vaxt SEPAH Azərbaycan sərhədində hərbi texnikanın hərəkətini əks etdirən görüntülər paylaşıb. SEPAH-ın kanalında yayımlanan videoda hərbi yük maşınlarının Xudafərin körpüsündən keçdiyi görünür.
Həsrət bildirib ki, İranla müharibə aparan tərəflər ABŞ və İsraildir və Tehran hərbi imkanlarını həmin iki dövlətə qarşı yönəltməlidir. Onun sözlərinə görə, Azərbaycan dinc qonşudur və bu ölkədən İrana hərbi hücum təhlükəsi yoxdur.
Şərhçi qeyd edib ki, İsrailin Azərbaycanda hərbi bazaları yoxdur və Azərbaycan ərazisindən İrana hücum etməsi mümkün deyil. O bildirib ki, İsrailin Azərbaycana çatması üçün İran və ya Türkiyə ərazisindən keçməsi lazım gələrdi, lakin bu dövlətlərin heç biri buna icazə verməz. Həsrətin fikrincə, Azərbaycan razılıq versə belə, İsrail ölkə ərazisindən İrana təcavüz edə bilməz.
Həsrət vurğulayıb ki, Azərbaycan İsrail də daxil olmaqla heç bir dövlətə öz ərazisindən İrana hücum üçün istifadə etməyə icazə verməyib və verməyəcək. O, SEPAH-ın sərhəddə hərbi güc nümayiş etdirməsini əsassız addım kimi dəyərləndirib və bu görüntülərin İranın mümkün təcavüzə hazır olduğu təəssüratını yaratmaq məqsədi daşıdığını deyib.
Ballistik raketlərin sərhədə gətirilməsi barədə danışan şərhçi onların əsasən uzaqmənzilli olduğunu, Azərbaycan sərhədindən buraxılacağı halda ölkə ərazisini keçərək başqa dövlətə çata biləcəyini bildirib. Qısa mənzilli raketlər barədə də müzakirələr getdiyini xatırladan Həsrət, yayılan görüntülərdə əsasən uzaqmənzilli raketlərin əks olunduğunu söyləyib.
O, belə hadisələrə həddən artıq əhəmiyyət verməmək lazım olduğunu, eyni zamanda sülhün qorunması üçün müharibəyə hazır olmaq gərəkdiyini qeyd edib. Həsrətin sözlərinə görə, Azərbaycan hərbi qüdrətini artırmağa davam etməlidir. O, İranın gec-tez, hətta yaxın zamanda darmadağın olub qarışacağını və yeni müstəqil dövlətlərin yaranacağını düşündüyünü, proseslərin Azərbaycan sərhədində baş verə biləcəyinə görə ölkənin təhlükəsizlik tədbirlərini gücləndirməli olduğunu bildirib.