QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifədən çıxarıldıqdan sonra onun fəaliyyəti ilə bağlı maliyyə yoxlamalarına başlanıb.
Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və inşaat layihələrinə yönəldilən dövlət vəsaitlərinin istifadəsində ciddi pozuntular aşkarlandığı bildirilir. İlkin məlumatlara əsasən, layihələr üzrə təxminən 15 milyon manatın mənimsənilmiş ola biləcəyi ehtimalı araşdırılır.
Bu yoxlamalarla əlaqədar Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Onun rəhbərliyi dövründə icra edilən tikinti və abadlıq işləri, ayrılmış pulların təyinatı üzrə xərclənməsi və işlərin faktiki həcmi yoxlanılır.
Məlumata görə, Yusubovla yanaşı, Xüsusi Nümayəndəliyin mühasibi və həmin rayonlarda təmir-tikinti işləri görən MMC-lərin rəhbərləri də dindirilib.
Elçin Yusubov Prezident İlham Əliyevin 22 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilmişdi.