QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində yoxlanılan 23,6 ton dondurulmuş hinduşqa ətində tələblərə uyğun olmayan hallar üzə çıxıb. Yoxlamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aparıb.
AQTA-nın məlumatına görə, ABŞ-də “LAMEX FOODS INC.” şirkətinin istehsal etdiyi və “Universal-SVS” MMC-nin idxal etməyi planlaşdırdığı ətin daşınması zamanı temperatur rejiminin qorunmadığı müəyyənləşib. Məhsulda korlanma əlamətləri, qan yığıntıları və axıntılar aşkarlanıb, orqanoleptik göstəricilər də tələblərə cavab verməyib.
Uyğunsuzluqlar səbəbindən hinduşqa ətinin məhv olunması barədə qərar qəbul edilib və 23,6 ton məhsul müvafiq qaydada məhv edilib.
Azərbaycan–Gürcüstan sərhədində yerləşən nəzarət məntəqəsində aparılan tədbirlər nəticəsində qida təhlükəsizliyi qaydalarına cavab verməyən məhsulun ölkəyə gətirilməsinin qarşısı alınıb.