QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda prokuror Süleymanlıya üç il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə doqquz il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Növbəti məhkəmə iclası noyabrın 19-da olacaq.
İttiham tərəfinin bildirdiyinə görə, Süleymanlı ABŞ-nin “German Marşal Fondu”ndan və başqa fondlardan sosial layihələr həyata keçirmək üçün ayrılan 148 min manatdan artıq qrant vəsaitini mənimsəyib. İttihamda onun bu məqsədlə fondun Azərbaycandakı məsləhətçisi Mehriban Rəhimli və digər şəxslərlə cinayət əlaqəsi qurduğu, səlahiyyətlərindən sui-istifadə etdiyi, eləcə də qrantlar barədə aidiyyəti nazirliklərə məlumat vermədiyi qeyd olunur.
Süleymanlı özünü irəli sürülən ittihamda təqsirli saymayıb.
O, bu ilin martında saxlanılıb. Süleymanlıya Cinayət Məcəlləsinin 313-cü, 193-1.3.2-ci və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi açılıb və ibtidai istintaq davam edir. Araşdırma təşkilatların, onların rəhbərlərinin, eləcə də xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətində mümkün qanun pozuntularını əhatə edir.
“İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar” Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, həmçinin Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2, 308.2 və 313-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Məmməd Alpay və Bəşir Süleymanlı barədə Binəqədi Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. İstintaqdan yayındığına görə Sübhan Həsənli barəsində axtarış elan olunub.
“ hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da yerli və beynəlxalq QHT-lərlə bağlı iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri müəyyən edib.
İş çərçivəsində daha sonra Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi və hüquq müdafiəçisi Zamin Zəki, eləcə də Əhməd Abbas oğlu Məmmədzadə həbs ediliblər.