QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, şəxsin razılığı olmadan çəkilmiş foto və videoların sosial şəbəkələrdə paylaşılması hüquqi məsuliyyət yarada bilər. Vəkil Turan Abdullazadə bildirib ki, başqasını videoya çəkmək öz-özlüyündə cinayət sayılmır; hüquqi qiymət görüntünün məzmununa, əldə olunma və yayılma üsuluna əsasən müəyyən edilir.
Abdullazadənin sözlərinə görə, Konstitusiyanın 32-ci maddəsi şəxsi və ailə həyatının sirrini qoruyur. Qanunla nəzərdə tutulan hallar istisna olmaqla, şəxsi həyata müdaxilə yolverilməzdir. Həmçinin insanın razılığı olmadan onun şəxsi həyatı barədə məlumat toplamaq, saxlamaq, istifadə etmək və yaymaq olmaz.
Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığının pozulmasına görə məsuliyyəti müəyyən edir. Şəxsi və ailə sirri hesab olunan məlumatların, o cümlədən foto və videoların, eləcə də səs yazılarının qanunsuz toplanması, yayılması, satılması və ya başqasına ötürülməsi 1000–2000 manat cərimə, 240–480 saat ictimai işlər, yaxud bir ilədək islah işləri ilə cəzalandırıla bilər.
Vəkil qeyd edib ki, görüntü və ya səsin montajlanması, yaxud süni intellekt və xüsusi proqramlarla saxtalaşdırılması ayrıca normaya tabedir. Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə reallığı əks etdirməyən foto, video və ya audio hazırlamaq, yaxud bunları media və internetdə yaymaq 3000–7000 manat cərimə, 360–480 saat ictimai işlər, üç ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Abdullazadə vurğulayıb ki, ictimai məkanda çəkilmək şəxsi həyatın pozulması ilə eyniləşdirilməməlidir. Küçədə və ya ictimai tədbirdə təsadüfən kadra düşmək avtomatik olaraq 156-cı maddə üzrə cinayət tərkibi yaratmır. Bunun üçün videoda şəxsi və ya ailə həyatının sirrinə aid məlumatlar yer almalıdır. Ev, xəstəxana, ailədaxili münaqişə, intim anlar və şəxsin gizli saxladığı həyat bu məlumatlara nümunədir.
Cinayət işi olub-olmamasından asılı olmayaraq, zərərçəkən məhkəmədən paylaşımın silinməsini, şərəf və ləyaqətinin müdafiəsini, həmçinin mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Bu hüquqlar Mülki Məcəllə və “Fərdi məlumatlar haqqında” Qanunla tənzimlənir. Paylaşım təhqir və ya böhtan ehtiva edərsə, həmin əməllərə görə də ayrıca məsuliyyət yarana bilər.