QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ev təsərrüfatlarının uçotunda toplanan məlumatların siyahısı genişləndirilib. Şəxsi hesablarda sakinlərin FİN-i, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri əks olunacaq.
Dəyişikliklər ev təsərrüfatlarının uçotu zamanı şəxsi hesablarda qeydlərin aparılması qaydalarına aiddir. Yeni tələblərə əsasən, üzvlərin fərdi identifikasiya nömrəsi qeyd ediləcək. FİN olmadıqda isə bu barədə hesaba müvafiq məlumat yazılacaq.
Şəxsi hesablara, həmçinin şəxsin ailə üzvləri ilə qohumluq əlaqəsi, cinsi, doğum tarixi və yeri, vətəndaşlığı və milliyyəti barədə məlumatlar daxil ediləcək.
Yaşayış yeri anlayışının tətbiqi də dəqiqləşdirilib: şəxsin həmin ünvanda ən azı 12 ay yaşaması və ya orada bu müddət ərzində qalmaq niyyətində olması nəzərə alınacaq.
Bundan əlavə, ünvanda qeydiyyatın mövcudluğu və qeydiyyata alınma ili göstəriləcək. Şəxsin həmin ünvanda qeydiyyatı yoxdursa, faktiki qeydiyyat ünvanı qeyd olunacaq.
Kirayə münasibətləri ilə bağlı isə yaşayış sahəsinin yazılı müqavilə əsasında, yoxsa şifahi razılaşma ilə icarəyə götürüldüyü barədə məlumat toplanacaq.