QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Nepalda vətəndaşları Azərbaycan və Kanadada yüksək maaşlı işlə təmin etmək vədi ilə aldadan iki nəfər saxlanılıb.

Nepal polisinin Mərkəzi Mətbuat Xidmətinin bildirdiyinə görə, saxlanılanlar 56 yaşlı Punya Prasad Niraula və 20 yaşlı Şreya Şresthadır.

İstintaq materiallarına əsasən, Niraula bir nəfəri Azərbaycanda işə düzəldəcəyini deyərək ondan 3,2 milyon Nepal rupisi, yəni 35 min AZN-dən çox pul alıb. Şrestha isə başqa bir şəxsi Kanadada işlə təmin etmək adı ilə 345 min rupi, 3800 AZN-dən artıq vəsaiti mənimsəməkdə şübhəli bilinir.

Şikayətçilər bildiriblər ki, pul ödənildikdən sonra şübhəlilər onlarla əlaqəni kəsiblər.

Hər iki şəxs Katmanduda tutulub. Onlar əlavə araşdırma və hüquqi tədbirlərin görülməsi üçün Xaricdə Məşğulluq Departamentinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma davam edir.