QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunun Zahid Qəmbərov küçəsində şəhid Məmməd Mirzəli oğlu Məmmədovun xatirəsinə yaradılmış bulaq yararsız hala düşüb.

Elvin Məmmədov Baku TV-nin qaynar xəttinə müraciət edərək, 1994-cü ildə könüllü şəkildə cəbhəyə gedən və Füzulidə şəhid olan atasının xatirəsi üçün tikilən bulağın vəziyyətindən narazılığını bildirib.

Onun sözlərinə görə, atası şəhid olduqdan sonra ailə evlərinin yaxınlığında öz vəsaiti hesabına bulaq və xatirə lövhəsi inşa etdirib. Zamanla baxımsız qalan obyektdən indi su gəlmir və əvvəlki görünüşü də itib.

Elvin Məmmədov suyun bulağa qəsdən verilmədiyini iddia edir. O, ərazinin əvvəlki vəziyyətə qaytarılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etdiyini, lakin nəticə olmadığını söyləyir.

Məmmədovun bildirdiyinə görə, bulaq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə tikilib. Bununla belə, uzun müddət diqqətsiz qalması nəticəsində abidə indiki vəziyyətə düşüb. O qeyd edib ki, həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, cavab almayıblar və tədbir görülməyib.