QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə Sevil İsmayılovanın fəaliyyəti ilə bağlı məlumatlar yayılıb. O, “Şərq-Qərb” nəşriyyat evinə rəhbərlik edir.

İstintaq materiallarında yer alan məlumatlara görə, Mehdiyev Azərbaycandakı idarəetmə sisteminin dəyişdirilməsi ilə bağlı hazırladığı təklifləri Sevil İsmayılova vasitəsilə Rusiyanın yüksək vəzifəli şəxslərinə çatdırmağı planlaşdırıb. Sənəddə ölkənin son beş ildə üzləşdiyi siyasi və idarəetmə çətinlikləri, mövcud durum və gələcək perspektivlər təsvir olunub.

Mehdiyev istintaqçılara bildirib ki, əlyazmanın məzmununu xatırlayır və onu avqust ayından təxminən bir ay əvvəl hazırlamağa başlayıb. Çap işini isə Sevil İsmayılovaya tapşırıb.

Əlyazmanın Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin müavini Rəşad Qurbanov vasitəsilə çatdırılması nəzərdə tutulub. Sənədin Rusiyanın başqa yüksək vəzifəli şəxslərinə də göndərilməsi planlaşdırılıb. İstintaq qrupu Mehdiyevlə İsmayılova arasındakı telefon danışığının təfərrüatlarını əks etdirən sənədi də əldə edib. “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı sənədin Qurbanova İsmayılova vasitəsilə ötürülməsi nəzərdə tutulurdu.

Yayılan məlumatlarda İsmayılovanın Rusiya Xarici Kəşfiyyat Xidmətinə bağlı agent olduğu iddia edilir. Həmin iddiaya əsasən, Mehdiyev istintaqa verdiyi izahatlarda onun xidmətə cəlb edilməsi barədə məlumat verib.

Məlumatda, həmçinin, Mehdiyevin hakimiyyətə gələcəyi halda müxtəlif dövlət vəzifələrinə təyin etməyi planlaşdırdığı şəxslərin adları sadalanır. Siyahıda sabiq prezident köməkçisi Əli Həsənovun baş nazir, Sevil İsmayılovanın vitse-prezident, Levon Qurskayanın daxili işlər naziri, Əsabil Qasımovun Gömrük Komitəsinin sədri, Aqiyə Naxçıvanlının elm və təhsil naziri, İsa Həbibbəylinin Milli Məclisin sədri olması nəzərdə tutulub.

Həmin siyahıda Fikrət Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Bəxtiyar Sadıqov Media və Yayım Şurasının sədri, Eldar Həsənov xarici işlər naziri, İlham Əliyev ədliyyə naziri, Abbas Abbasov iqtisadiyyat naziri, Timur Mehdiyev isə baş prokuror vəzifəsinə namizəd kimi göstərilib. Ziya Məmmədovun Prezident Administrasiyasının Ərazi İdarəetmə Şöbəsinə rəhbər, Fatma Abdullazadənin Administrasiyanın rəhbəri, Elton Məmmədovun isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasının planlaşdırıldığı bildirilir.

Məlumata görə, Mehdiyevin məktublarını daşıdığı iddia olunan İsmayılovanın rəhbərlik etdiyi “Şərq-Qərb” nəşriyyatının maliyyə departamenti hazırda da Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki Azərbaycan Milli Ensiklopediyasının akademiya şəhərciyində yerləşən binasında fəaliyyət göstərir. Mövzu ilə bağlı AMEA-nın mətbuat xidmətinə göndərilən sorğuya dəqiq cavab verilmədiyi qeyd olunur.