QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tramp marşrutu”nun (TRIPP) yaradılmasına görə Ermənistanın baş naziri Nikol Paşinyana xəbərdarlıq edib.

Vilayətinin müraciəti İranın “Ettelaat” qəzetində yayımlanıb. O, “Ermənistanın baş naziri ilə açıq və səmimi söhbət” adlı məqaləsində Ermənistan parlamentinin ABŞ ilə respublika ərazisindən, Zəngəzur dəhlizi boyunca keçəcək “Tramp marşrutu” üzrə əməkdaşlıq sazişini ratifikasiya etmək qərarına münasibətini açıqlayıb.

Müşavir bildirib ki, Paşinyanın gördüyü tədbirlər Ermənistan xalqının maraqlarına uyğun deyil, ölkənin Qərbdən asılılığını gücləndirir və Cənubi Qafqazda gərginliklə yeni münaqişələrin başlanmasına zəmin yaradır.

Vilayətinin sözlərinə görə, İranın mövqeyini Ermənistanın xarici işlər nazirinin müavini və Tehrandakı səfiri ilə görüşlərində çatdırmaq fürsəti olub. O, İslam Respublikasının ABŞ-nin iştirakı ilə Zəngəzur dəhlizinin qurulmasına qarşı olduğunu vurğulayıb.

“Mən Ermənistan səfirinə tam aydın şəkildə bildirdim: əgər ABŞ prezidenti Donald Tramp və onun müttəfiqləri bizim bu “qırmızı xəttimizi” keçməyə cəhd edərlərsə, onların ayaqlarını qıracağıq”, – Vilayəti deyib.