QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Parisdəki Bobino Teatrında “Şərəf əks-sədaları” adlı musiqi gecəsi təşkil olunub.
Tədbirin başlanğıcında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edib. O, 8 Noyabrın ölkənin müasir tarixindəki xüsusi yerindən danışıb, ərazi bütövlüyü uğrunda həyatını itirənlərin xatirəsinin ehtiramla anıldığını bildirib. Səfir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun iradəsi və qətiyyəti, eləcə də xalqın həmrəyliyi nəticəsində əldə edilən Zəfər tarixə qızıl hərflərlə yazılıb.
Abdullayeva milli şərəfin tarixi yaddaşın qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi ilə də bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan musiqisi xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın inkişafına xidmət edir. Səfir gecənin Azərbaycan-Fransa dostluğunu, sülhü və qarşılıqlı hörməti ifadə edəcəyinə ümid etdiyini söyləyib.
Konsertin proqramında Üzeyir Hacıbəyov, Qara Qarayev, Niyazi, Asəf Zeynallı, Arif Məlikov və Fikrət Əmirovun əsərləri yer alıb. Azərbaycan musiqisi Avropa klassikləri ilə yanaşı təqdim edilib. Bizenin və Fransua Bornun “Karmen”, həmçinin Kamil Sen-Sansın “Samson və Dalila” əsərlərindən parçalar səsləndirilib.
İfaçılara Azərbaycan Milli Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev rəhbərlik edib. Kamera orkestrini “Zoroastre” ansamblının dirijoru Savitri de Roşfor müşayiət edib. Səhnəyə Azərbaycanın xalq artisti Fidan Hacıyeva, əməkdar artist Ramil Qasımov və fleytaçı Ağarəhim Quliyev çıxıblar.
Gecədə diplomatlar, Fransa mədəniyyət ictimaiyyətinin üzvləri, jurnalistlər və Azərbaycan icmasının nümayəndələri də daxil olmaqla, təxminən 600 nəfər iştirak edib. Proqram qonaqların marağı və rəğbəti ilə qarşılanıb; çıxış edən sənətçilər uzun sürən alqışlarla yenidən səhnəyə dəvət olunublar.
Tədbir zamanı əməkdar rəssam Əsmər Nərimanbəyovanın və rəssam Nərgiz Quliyevanın əsərləri də nümayiş etdirilib. Musiqi ilə təsviri sənətin bir araya gətirildiyi təqdimat Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirib.