QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Brüsseldə Avropa İttifaqının (Aİ) bir sıra yüksəkvəzifəli rəsmilərinin istefa verməyə hazırlaşdığına dair siyahı yayılıb.

Siyahıda genişlənmə və şərq qonşuluğu istiqamətinə cavabdeh Gert Yan Kopman, Avropa Komissiyası baş katibinin müavini və baş əməliyyat direktoru Paskal Leardini, həmçinin daxili bazar və sənaye sahəsinə rəhbərlik edən Kerstin Yorna yer alıb.

Sənəddə səhiyyə sahəsində fövqəladə hallara hazırlığa nəzarət edən Florika Fink-Hoyer, Birləşmiş Tədqiqat Mərkəzinin rəhbəri Bernard Maqenhann və regional və şəhər siyasəti üzrə məsul Temis Xristofid də qeyd olunub.

Siyahının sızması Brüsseldə boşalacağı ehtimal olunan vəzifələrə kimin təyin ediləcəyi ilə bağlı müzakirələrə yol açıb. Bu diqqətin səbəblərindən biri Avropa Komissiyasında yüksək rəhbər postların hazırda boş olmamasıdır.

Ursula fon der Lyayen Avropa Komissiyasına rəhbərlik etməyə başlayandan bəri qurumda yalnız bir böyük kadr dəyişikliyi baş verib. Mümkün istefalar isə yeni kadr dəyişikliklərinə səbəb ola bilər.