QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, müharibə təhlükəsi, təbii fəlakətlər və kiberhücumlarla bağlı narahatlıqlar 33 ölkəni fövqəladə vəziyyətlər üçün hazırlıq tədbirlərini artırmağa sövq edib. ABŞ, İngiltərə və Avropa İttifaqına üzv dövlətlərin də daxil olduğu ölkələr əhaliyə ərzaq, su və digər zəruri vasitələrdən ehtiyat yaratmağı məsləhət görür.

Hökumətlər mümkün böhranlarda insanların hazırlıqlı olması üçün yeni tədbirlər görür. Fransadakı kiberhücumlar və müxtəlif bölgələrdə davam edən münaqişələr təhlükəsizlik narahatlığını gücləndirib. Buna görə bir sıra ölkələr sakinlərə ən azı bir neçə günlük ehtiyat saxlamağı tövsiyə edib.

Avropa Komissiyası ən azı 72 saatlıq ərzaq, içməli su, fənər, radio və dərman ehtiyatının olmasını məsləhət görüb. İngiltərədə “Be Ready” (“Hazır ol”) kampaniyası çərçivəsində üç günlük ərzaq və nağd pul ehtiyatı tövsiyə edilir. Almaniyanın Federal Mülki Müdafiə İdarəsi isə mümkün hücumlar və xidmətlərin dayanması ehtimalına görə hər kəs üçün gündə 1,5 litr su və konserv məhsulları saxlamağı məsləhət görüb.

Avropa Komissiyasının bəyanatında qitənin getdikcə daha mürəkkəb böhranlarla üzləşdiyi vurğulanıb. Bu şəraitdə Avropanın dayanıqlığını yüksəltmək üçün konkret addımlar atıldığı qeyd olunub. Komissiyanın Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə üzvü Hadja Lahbib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda əhali üçün yeni təlimatı təqdim edib. Sənəddə dövlət qurumlarından yardım gələnədək ilk üç gün əsas ehtiyacları insanların özlərinin qarşılaya bilməsinin vacibliyi bildirilir.

Fransada təxminən 40 marketin soyutma sistemlərinə kiberhücum edilməsi və nəticədə tonlarla ərzağın məhv olması qida təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb. Hadisə “Newsweek” jurnalının üz qabığında da yer alıb. Hibrid müharibələr, kəskin hava hadisələri və mühüm infrastruktura yönələn kiberhücumlar dövlətlərin hazırlıq tədbirlərini gücləndirməsinin əsas səbəbləri sırasında göstərilir.

Üç gündən iki həftəyədək ərzaq və zəruri vasitələrdən ehtiyat saxlamağı tövsiyə edən 33 ölkə regionlar üzrə belə sıralanır:

Avropada: Böyük Britaniya, İrlandiya, Fransa, Almaniya, Niderland, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Avstriya, İsveçrə və Xorvatiya.

Şimali Amerikada: Kanada, Meksika və ABŞ. Cənubi Amerikada: Çili, Kolumbiya, Argentina və Braziliya. Afrikada: Cənubi Afrika Respublikası. Asiyada: Yaponiya, Tayvan, İsrail, Hindistan, Filippin və Sinqapur. Avstraliya və Okeaniyada isə Avstraliya və Yeni Zelandiya.

Ölkələrin fövqəladə hallar üçün verdiyi tövsiyələr fərqlidir. Böyük Britaniyanın “Be Ready” proqramı üç günlük ehtiyat üçün 9 litr su, uzun müddət saxlanıla bilən ərzaq, dərman və əl fənəri nəzərdə tutur.

Yaponiyada təbii fəlakətlərə qarşı azı üç günlük ərzaq toplamaq tövsiyə edilib. Həmçinin ölkədə yeni Fəlakətlərin İdarə Edilməsi Agentliyinin fəaliyyətə başlaması planlaşdırılır. Fransada üç günlük ehtiyatla yanaşı, nağd pul, vacib sənədlərin surətləri, ev və avtomobil açarlarının ehtiyat nüsxələri olan fövqəladə vəziyyət çantasının hazırlanması məsləhət görülüb. Almaniyada isə 10 günlük konserv ehtiyatı tövsiyə olunur.

ABŞ 2003-cü ildə yayımlanmış fövqəladə hallar üzrə tövsiyələrini yeniləyib. Əhaliyə üç günlük ərzaq, hər nəfər üçün 3,8 litr su, fit və əl fənəri saxlamaq məsləhət görülür. Norveçin siyahısında ərzaq, içməli su və dərmanlarla yanaşı yuxu kisəsi və şam da var.

Danimarkada üç günlük qida planı təqdim olunub. Buraya 500 qram xırtıldayan çörək, pomidor sousunda 300 qram konserv skumbriya, 300 qram noxud və lobya, 500 qram makaron, 500 qram yarma və ya başqa dənli məhsul, 1,5 kiloqram konserv tərəvəz, 100 qram quru meyvə və çərəz, eləcə də bitki yağı daxildir.

Hindistanda fövqəladə vəziyyət çantasında batareya ilə işləyən fənər, suyun təmizlənməsi üçün xlor həbləri, ilk yardım kitabçası və möhkəm kəndir saxlamaq tövsiyə edilib. Susuzluğu artırdığı üçün çox duzlu və ədviyyatlı yeməklərdən uzaq durmaq da məsləhət görülür. Niderlandda isə ərzaq, su və dərmanlarla yanaşı, nağd pul ehtiyatı saxlamaq tövsiyə olunub.