QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli qanunun tətbiqi və bununla bağlı əvvəlki fərmanlarda dəyişikliklər edilməsi barədə sənəd imzalayıb. Qanun Mülki və Gömrük məcəllələrinə, eləcə də silah, polis, əməliyyat-axtarış fəaliyyəti, ovçuluq, ixrac nəzarəti və telekommunikasiya ilə bağlı qanunlara dəyişiklikləri əhatə edir.
Fərmanla bir sıra hüquqi aktlarda işlədilən “xüsusi icazə” ifadəsindən “xüsusi” sözü çıxarılır, müvafiq hallarda ifadə “icazə” formasında göstərilir. Dəyişikliklər xidməti və mülki silahın əldə olunması, saxlanması, istifadəsi, daşınması, satışı və kolleksiyalaşdırılmasına dair qaydalara da şamil olunur.
Mülki dövriyyəsi məhdud əşyalarla bağlı qaydalara iki yeni bənd əlavə edilib. İcazə vermək səlahiyyəti olan dövlət qurumları verdikləri, dayandırdıqları, bərpa etdikləri və ləğv etdikləri icazələr barədə məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxtda Dövlət Gömrük Komitəsinə göndərməlidirlər. Bu üsul mümkün olmadıqda məlumatların ötürülməsi üçün üç iş günü vaxt nəzərdə tutulur.
Yeni müddəaya görə, xarici ölkələrdə qeydiyyatdan keçmiş ticarət iştirakçıları müvafiq icazə tələb edilən, mülki dövriyyəsi məhdud əşyaları Azərbaycan ərazisindən tranzit keçirərkən dolayı gömrük təmsilçilərindən istifadə edə bilərlər. Təmsilçilər Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməli və həmin əşyaların dövriyyəsinə icazə almalıdırlar.
Fərmanın icrası ilə əlaqədar məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.