QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı distant iş rejiminin geniş tətbiqini səmərəli hesab etmir. Metroda yaranan çətinliklər və sərnişin sıxlığının artması fonunda o, iş saatlarının müxtəlif intervallara bölünməsini daha münasib yanaşma kimi qiymətləndirib.
Nağının sözlərinə görə, məsafədən işləməyin üstünlükləri olsa da, ənənəvi iş şəraitində əməkdaşların üzbəüz ünsiyyəti və birgə fəaliyyəti işin keyfiyyətinə müsbət təsir göstərir. Buna görə də distant rejimin genişləndirilməsi səmərəliliyi artırmaq əvəzinə əlavə problemlər yarada bilər.
“Son vaxtlar özəl sektorda da evdən çalışmaq və uzaqdan fəaliyyət göstərmək seçilir. Bununla belə, məncə, iş yerində işləmək daha effektivdir. İnsanlar ünsiyyət qurur, fikir bölüşür və birlikdə fəaliyyət göstərirlər. Bu ünsiyyətin özü əhəmiyyətlidir. Buna görə iş və xidmət sahələrinin distant rejimə keçirilməsini çox uyğun saymıram”, – partiya sədri bildirib.
Akif Nağı qeyd edib ki, əsas olan gündəlik həyatın və fəaliyyətin adi qaydada davam etməsidir. O, təhsilin və əmək fəaliyyətinin mövcud iş rejiminə uyğun təşkilini vacib sayır. Ancaq zərurət yaranarsa və başqa seçim olmazsa, məsafədən iş müvəqqəti tədbir kimi tətbiq oluna bilər.
Partiya sədrinin fikrincə, Bakıdakı nəqliyyat sıxlığını azaltmaq üçün işə başlama və işdən çıxma vaxtlarının dəyişdirilməsi daha məqsədəuyğundur. İş qrafiklərinin fərqli zaman aralıqlarına bölünməsi təcrübəsinin Azərbaycanda, xüsusən paytaxtda mövcud olduğunu deyən Nağı bunun eyni vaxtda yaranan sıxlığı müəyyən qədər azalda biləcəyini vurğulayıb.
Nağı ciddi zərurət olmadıqda ənənəvi iş qaydasını dəyişməyə ehtiyac görmür. Onun qənaətincə, distant fəaliyyətin işin keyfiyyətini yüksəldəcəyinə və insanları daha məhsuldar işləməyə həvəsləndirəcəyinə inanmaq çətindir. Metro ilə bağlı vəziyyətdə diqqətin iş saatlarının tənzimlənməsinə və gündəlik fəaliyyətin adi qaydada saxlanmasına yönəldilməsini təklif edib.