QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə vəzifəsindəki ilk həftənin yekunları barədə danışıb. O, tədrisin keyfiyyətinin artırılması, akademik dürüstlüyün qorunması, fakültələrin fəaliyyətinin dəyərləndirilməsi və tələbələrin üzləşdiyi çətinliklərin aradan qaldırılmasını əsas hədəflər sırasında göstərib.

Abbaszadə bildirib ki, ilk həftə ərzində universitetin inzibati və akademik əməkdaşları ilə tanış olub, prorektorlar və dekanlarla ümumi toplantı keçirib.

Rektorun sözlərinə görə, əvvəlki nəsillərdən qalan tarix və nüfuz BDU üçün mühüm sərvətdir. Bu irsi qorumaqla yanaşı, onu inkişaf etdirmək də universitet kollektivinin öhdəliyidir. O qeyd edib ki, BDU-nun nüfuzu təhsilin səviyyəsi, elmi araşdırmaların nəticələri, akademik dürüstlük və məzunların fəaliyyəti ilə hər gün təsdiqlənməlidir.

Dekanlara münasibətdə gözləntilərini açıqlayan Abbaszadə onların hər birini öz fakültəsinin akademik lideri hesab etdiyini bildirib. O, yaxın vaxtlarda fakültələrin vəziyyəti, üstünlükləri, çətinlikləri, kadr ehtiyatı və elmi imkanları barədə dəqiq mənzərə əldə etmək niyyətindədir.

Rektor bu məqsədlə dekanlardan səmimi və peşəkar təhlil gözlədiyini vurğulayıb. Onun fikrincə, problemləri vaxtında müəyyənləşdirmək, onları açıq müzakirəyə çıxarmaq və həll yolları təklif etmək rəhbər məsuliyyətinin göstəricisidir.

Abbaszadə tələbələrin universitet həyatında daha fəal olmasının, üzləşdikləri məsələləri rəhbərliyə açıq şəkildə çatdırmasının əhəmiyyətini də qeyd edib. Tələbələrin sosial şəbəkələrdə BDU-nun C bloku ilə bağlı müraciətinə reaksiya verən rektor məsələni nəzarətə götürdüyünü bildirib.

Onun sözlərinə görə, bu məsələ üzrə yaradılan işçi qrupu əraziyə baxacaq, daha sonra nəticələrə uyğun tədbirlər görüləcək. Rektor müraciəti ictimailəşdirən tələbələrə təşəkkürünü çatdırıb.