QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryanın ölkənin xarici siyasət istiqamətini tənqid edən yazısı və müxalifətə qoşulacağı ilə bağlı ehtimallar müzakirə olunur.

Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Qriqoryan “Avropa İttifaqı üzvlüyü illüziyası” adlı məqaləsində Rusiyadan asılılığın azaldılması və iqtisadiyyatla xarici siyasətin şaxələndirilməsi məqsədinin Moskvanı qıcıqlandırmadan həyata keçirilməli olduğunu bildirib.

Məqalədə Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun “boş və əhəmiyyətsiz” addım kimi qiymətləndirilib. Qriqoryanın mövqeyinə əsasən, hər belə təşəbbüsdən sonra Rusiya fəallaşır və Ermənistanın asılılığı azalmaq əvəzinə yüksəlir. O, ölkənin coğrafi mövqeyi, geosiyasi vəziyyəti və enerji asılılığının nəzərə alınmasını vacib sayır. Yazıda, həmçinin, Ermənistanın Aİ-yə üzvlüyünün mümkün olmadığı və İttifaqın ölkəyə zəmanət verməyəcəyi vurğulanır.

Qriqoryanın məqaləsində Ermənistanın tarixində Qərbə yaxınlaşma cəhdlərinin ardınca Rusiyanın təzyiqinin artdığı iddia edilir. Yazıda 1990-cı illərdə Levon Ter-Petrosyan hökumətinin Avropa və Avro-Atlantik qurumlarla yaxınlaşmaq cəhdlərinin KTMT-yə üzvlük və 1997-ci ildə Rusiya ilə Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanması ilə nəticələndiyi qeyd olunur.

2010-cu illərdə Serj Sarqsyanın rəhbərlik etdiyi hökumətin Aİ ilə Assosiasiya Sazişi imzalamaq təşəbbüsündən sonra, 3 sentyabr 2013-cü ildə Gömrük İttifaqına qoşulmaq qərarı verildiyi və Ermənistanın daha sonra Avrasiya İqtisadi Birliyinə daxil olduğu bildirilir. Qriqoryan hazırkı vəziyyətdə də oxşar gedişatın təkrarlandığını, bu dəfə isə Ermənistanın Rusiya-Belarus İttifaq Dövlətinə cəlb olunması riskinin artdığını yazıb. O, Aİ-yə üzvlüklə bağlı qanun qəbul edilməzdən əvvəl Rusiyadan asılılığı azaltmaq imkanlarının daha çox olduğunu, sonradan bu imkanların daraldığını bildirib.

“Hraparak”ın yazdığına görə, siyasi dairələrdə Qriqoryanın yaxın vaxtlarda müxalifətə qoşulacağı barədə fikirlər dolaşır. Nəşr Qərbin ona ümid bəslədiyini və onu Nikol Paşinyan hökumətinə qarşı siyasi təzyiq vasitəsinə çevirməyə çalışdığını iddia edir.

Məqalədə 2018-ci il inqilabında fəal iştirak etmiş, hakimiyyət dəyişikliyindən sonra ictimaiyyətdən uzaqlaşmış “Restart” hərəkatının yenidən fəallaşa biləcəyi də qeyd olunur. Hərəkat üzvlərinin Paşinyanla görüşdüyü və baş nazirə sərt suallar ünvanladığı bildirilir. Nəşrin yazdığına görə, Qriqoryanın da bu qrupa qoşulacağı barədə şayiələr var.

“Hraparak”ın ehtimalına əsasən, həmin qüvvələr qərbyönümlü düşərgəni bir araya gətirməyə və Ermənistanın xarici siyasəti ilə bağlı təşəbbüslər irəli sürməyə çalışacaq. Söhbət Aİ-yə üzvlük xəttindən deyil, İttifaqa daxil olmadan Rusiyanın təsir dairəsindən uzaqlaşmağa yönələn, Britaniya modelinə bənzər şaxələndirilmiş yanaşmadan gedir.