QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 2027-ci ildə daha 100 məktəbin adambaşı maliyyələşmə sisteminə keçirilməsi üçün 223,8 milyon manat vəsait ayrılması planlaşdırılır.
Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib. O, hazırda bu mexanizmlə maliyyələşən məktəblərin sayının 500 olduğunu xatırladıb.
Kərimzadənin sözlərinə görə, valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində indiyədək 8 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Gələn il özəl sektorun iştirakı ilə bu göstəricinin 12 minə çatdırılması nəzərdə tutulur. Mexanizmə əsasən, dövlət özəl məktəbəqədər müəssisələrdə hər uşağın təhsil haqqının 70 faizini ödəyir.
Bu təşəbbüs üçün 2027-ci ildə 37,5 milyon manat vəsait ayrılması planlaşdırılır. Layihənin 2030-cu ilədək 30 min uşağı əhatə etməsi hədəflənir. Ayrılan vəsaitin böyük qisminin dolayı yolla dövlətə qayıdacağını bildirən nazir müavini, islahat tam icra olunarsa, 18 milyon manatın Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manatın isə vergi gəliri kimi Dövlət Vergi Xidmətinə daxil olacağını qeyd edib.