QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 1532-ci il noyabrın 16-da Kaxamarkada baş verən qarşıdurmada Fransisko Pisarronun rəhbərlik etdiyi 168 nəfərlik ispan dəstəsi minlərlə insanın iştirak etdiyi yürüşü yarım saata dağıdaraq İnka hökmdarı Atauvalpanı əsir aldı. Hadisə çoxsaylı şahidlərin salnamələrində qeydə alınıb.
Pisarro yoxsul ispan piyada kapitanı ilə kəndli qadının nikahdankənar övladı idi. Gənclik illərində Estremadurada donuz otarır, ömrünün sonunadək oxuyub-yazmağı öyrənmirdi. Perunun hakimi olduqdan sonra belə sənədlərdə imza əvəzinə iki şaquli xətt çəkirdi; katibi isə xətlərin arasına onun adını əlavə edirdi.
1502-ci ildə Yeni Dünyaya gedən Pisarro bir sıra təhlükəli səfərlərə qatıldı. Vasko Nunyes de Balboanın Sakit okeana yürüşündə də iştirak etdi. Əlli yaşına yaxın Panama şəhərində torpaq, işçi və mal-qara sahibi, həmçinin tacir kimi möhkəmlənmişdi. Şəhərin meri və hakimi olan alkaldelik vəzifəsini də tutmuşdu.
Cənubda, Biru adlandırılan Peru torpaqlarında böyük qızıl ehtiyatları olması barədə eşitdikləri onun rahat həyat planlarını dəyişdi. Pisarro topladığı sərvəti yeni səfərə yatırmaq qərarına gəldi. Bu işdə ona döyüş yoldaşı Dieqo de Almaqro və səfərin gəmiləri ilə təchizatını maliyyələşdirən Panama keşişi Ernando de Luke qoşuldu. Üç tərəf gələcək qənimət və fəthlərin nəticələrini bölüşmək barədə razılaşdı. Sonradan “qan və evxaristiya müqaviləsi” kimi tanınan anlaşma yürüşün başlanğıcı oldu.
İlk iki səfər aclıq, qızdırma, xəstəlik və itkilərlə müşayiət olundu. Qallo adasında əsgərlər üsyan edərək Panamaya dönmək istədilər. Pisarro isə geri qayıtmaqdan imtina edib qılıncı ilə qumda şərqdən qərbə xətt çəkdi və dedi: “Orada Peru və sərvət, burada Panama və yoxsulluq. Hər kastiliyalı ürəyincə olanı seçsin. Mən cənuba gedirəm!”. On üç nəfər xətti keçərək onunla yola davam etdi. Beləliklə, böyük Amerika sivilizasiyalarından birinin süqutuna gedən yol kiçik bir dəstənin inadından başladı.
1532-ci ildə Andlara doğru hərəkət edən 168 nəfərin 62-si atlı idi. İspanların bir neçə topu və arkebuzası da vardı. Həmin dövrdə İnka imperiyası taxt-tac uğrunda vətəndaş müharibəsi səbəbindən zəifləmişdi. Atauvalpa ögey qardaşı Uaskarı məğlub edərək hakimiyyəti ələ keçirmişdi.
On minlərlə döyüşçüyə sahib Atauvalpa zirehli, saqqallı yadelliləri ciddi təhlükə saymırdı. Noyabrın 16-da o, Kaxamarkanın əsas meydanına təntənəli mərasimlə gəldi. Qızılla bəzədilmiş taxtda oturan hökmdarın ətrafında minlərlə silahsız saray əyanı və rəqqas vardı. O, azsaylı gəlmələri öz qüdrəti ilə ram edəcəyinə inanırdı.
Meydanda Dominikan rahibi Visente de Valverde Müqəddəs Kitabla Atauvalpanın qarşısına çıxdı. Rahib hökmdardan xristianlığı qəbul etməyi və İspaniya kralının hakimiyyətini tanımağı tələb etdi. Yazı bilməyən Atauvalpa kitabın vərəqlərini çevirdi, lakin oradan “Allahın sözü”nü eşitmədiyini deyərək onu yerə atdı. Bu addım ispanların hücumuna səbəb oldu.
Daş tikililərin arxasından toplar və arkebuzalar işə salındı, süvarilər meydana hücum etdi. Atla və odlu silahla qarşılaşmamış inkalar arasında çaxnaşma yarandı, nəticədə minlərlə insan öldü, Atauvalpa isə tutuldu. Toqquşma zamanı Pisarro da əlindən yaralandı. Rəvayətə görə, o, hökmdarı əsir götürərkən öz əsgərinin zərbəsindən qorumağa çalışmışdı. İspanların yaralanan yeganə şəxsi komandanları oldu.
Əsirlikdə Atauvalpa ispanların qızıl hərisliyini anladı və azadlığı müqabilində böyük fidyə təklif etdi. O, təxminən yeddi metr uzunluğunda, beş metr enində və iki metr yarım hündürlüyündə olan otağı əli ilə çata bildiyi hündürlüyədək qızılla, yanındakı iki otağı isə gümüşlə dolduracağını vəd etdi.
Bir neçə ay ərzində imperiyanın müxtəlif yerlərindən Kaxamarkaya qızıl və gümüş əşyalar daşındı. Gətirilənlər arasında heykəllər, mərasim qabları, məbəd və saray bəzəkləri, İnka sənətkarlarının hazırladığı nadir nümunələr vardı. İspanlar bunların tarixi və sənət dəyərini nəzərə almayaraq böyük hissəsini əridib külçəyə çevirdilər. Fidyənin təxminən 6 ton qızıl və 12 ton gümüş olduğu bildirilir. Qənimət konkistadorların hər birinə böyük sərvət qazandırdı.
Lakin Pisarro vədinə əməl etmədi. İnka ordusunun hücuma hazırlaşması barədə şayiələr və kapitanlarının təzyiqi fonunda əsirin taleyi həll olundu. Atauvalpa üzərində tələsik məhkəmə keçirildi və 1533-cü ilin iyulunda edam qərarı verildi. Tonqalda yandırılmamaq üçün ölümündən qabaq xristianlığı qəbul edən hökmdar qarrota üsulu ilə, boğazını sıxaraq öldürüldü. Böyük fidyə ödəsə də, azadlığa buraxılmadı.
1537-ci ildə İspaniya kralı I Karl savadsız konkistadora markiz titulu verdi. Pisarro Perunun gələcək paytaxtı Limanın əsasını qoydu, amma qızıl sərvəti ona əmin-amanlıq gətirmədi. Qənimətin bölüşdürülməsi konkistadorları bir-birinə qarşı silaha çıxardı. Əvvəllər yaxın tərəfdaşı olmuş Almaqro ilə münasibətləri дайüşmənçiliyə çevrildi və Pisarro onun edamına göstəriş verdi.
Almaqronun tərəfdarları bu hadisənin qisasını almaq üçün 1541-ci ilin iyununda Limadakı Pisarro sarayına hücum etdilər. Yetmiş yaşına yaxın olan markiz müqavimət göstərdi. Rəvayətə görə, hücum edənlərdən üçünü qılıncla öldürsə də, boğazına endirilən ölümcül zərbədən sonra yıxıldı. Can verərkən barmağını qanına batırıb döşəmədə xaç çəkdiyi və onu öpdüyü deyilir.
Beləliklə, 168 nəfərlə İnka imperiyasını məğlub edən Pisarro keçmiş silahdaşlarının qisası nəticəsində öz sarayında öldürüldü. Fəth etdiyi sərvət nə ona, nə də ətrafındakılara daimi hakimiyyət qazandırdı.