QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin yataqxanasında tələbə qızın ölümü ilə bağlı yeni məlumatlar açıqlanıb. Onun meyitini birlikdə yaşadığı bacısı tapıb.

Yataqxanada qalan tələbələrdən biri hadisənin baş verdiyi şərait barədə danışıb. Onun sözlərinə görə, olay bir saylı yataqxanada baş verib. Tələbənin başının ağrıdığı, bacısına xəbər verdikdən sonra hamama getdiyi bildirilir. Bacısı uzun müddət geri dönmədiyini görərək narahat olub.

Müsahibin sözlərinə görə, hamamın qapısı bağlı olduğundan kilidi açaraq içəri daxil olublar və qızı yerdə uzanmış vəziyyətdə görüblər. O, ölümün təzyiqin düşməsi, yoxsa beyinə qan sızması ilə bağlı olduğunu dəqiq bilmədiyini deyib.

Tələbə özü yataqxananın ikinci mərtəbəsində qaldığını, ölən qızın isə üçüncü mərtəbədə yaşadığını bildirib. Onu şəxsən tanımadığını, otaq yoldaşlarının isə tanıdığını qeyd edib.

O həmçinin yataqxanadakı hamam otaqlarının ümumi istifadəyə verildiyini və hər birində dörd-beş kabinənin olduğunu söyləyib.