QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Avropanın araşdırılan 40 böyük şəhərindən 37-si Avropa İttifaqının 2030-cu ildən tətbiq etməyi planlaşdırdığı hava çirkliliyi limitlərinin ən azı birini mövcud ölçmələrə görə təmin etmir.
Brüsseldə fəaliyyət göstərən “Clean Cities” təşkilatı 2026-cı il şəhər reytinqində azot dioksid və incə dispers hissəciklərin səviyyəsini qiymətləndirib. Davamlı şəhər nəqliyyatı ilə bağlı çalışan qeyri-hökumət təşkilatlarının yaratdığı qurum bu göstəriciləri Aİ-nin 2030-cu ildən qüvvəyə minəcək gündəlik və illik limitləri ilə müqayisə edib.
Araşdırmanın yazılı açıqlamasında qeyd olunub ki, təhlil əsasən Avropa Ətraf Mühit Agentliyinin ölçmələrinə söykənib. Çirklənmə səviyyələri ilə yanaşı, son on ildəki dəyişikliklər və şəhərlərdə həyata keçirilən nəqliyyat siyasəti də nəzərdən keçirilib.
Kopenhagen, Stokholm və Helsinki metropoliten əraziləri hər iki çirkləndirici üzrə gündəlik və illik limitlərin hamısına uyğun gələn yeganə şəhərlər olub. Reytinqdə onların nəticəsi “A” qiyməti ilə göstərilib.
Tədqiqata daxil edilən 18 şəhərin isə dörd limit göstəricisinin heç birinə cavab vermədiyi müəyyən olunub.