QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Parisdə 400-500-ə yaxın polis əməkdaşı etiraz yürüşü keçirib. Aksiya iştirakçıları Yelisey çöllərindəki Ron-Puan meydanından yola çıxaraq Daxili İşlər Nazirliyinin Bovo meydanında yerləşən binasına doğru hərəkət ediblər.

Polislər xidmət zamanı üzləşdikləri risklərə görə ödənilən xüsusi əlavənin əsas əməkhaqqının 28,5 faizindən 35 faizinə çatdırılmasını tələb edirlər. “Alliance Police Nationale” həmkarlar ittifaqının bildirdiyinə görə, ödənişin məbləğinə sonuncu dəfə 2019-cu ildə dəyişiklik edilib.

Nazirliyin binası qarşısında çadır quran aksiyaçılar gecəni orada keçirməyə hazır olduqlarını bildiriblər. Onlar ehtiyac yaranarsa, etirazlarını Milli Assambleya və Senatın qarşısında da davam etdirəcəklərini bəyan ediblər.

Aksiyaya Daxili İşlər naziri Loran Nünyesin 2029-cu ilə qədər xüsusi əlavəni mərhələli şəkildə 33,5 faizə yüksəltmək təklifi səbəb olub.