QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda əməkhaqları “Qara Cümə” kampaniyalarına görə əvvəlcədən ödənilmir. Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu kampaniyalar rəsmi bayram sayılmır.
Məmmədovun sözlərinə görə, Azərbaycanda maaşların bayramlar ərəfəsində vaxtından qabaq verilməsi ənənəsi var. Novruz bayramı zamanı, ayın sonuna hələ bir müddət qalsa belə, əməkhaqları 20-21 martdan əvvəl ödənilir. Eyni qayda Yeni il və başqa bayramlar ərəfəsində də tətbiq olunur.
Əməkhaqqı əmək müqaviləsində göstərilən müddətdə ödənilməlidir. Praktikada ödəniş adətən növbəti ayın ilk beş günü ərzində — ayın 1-dən 5-dək həyata keçirilir. Müxtəlif səbəblərdən maaşın gecikməsi də mümkündür.
Liqa sədri qeyd edib ki, gecikmə işəgötürənin təqsiri ilə baş verərsə, işçi gecikdirilən hər gün üçün 1 faiz kompensasiya tələb edə bilər. Bununla belə, işçilər bu hüquqdan çox vaxt istifadə etmirlər. Belə tələblər əsasən əmək müqaviləsinə xitam veriləndə və ya fərdi əmək mübahisəsi yarandıqda gündəmə gəlir.
Əmək Məcəlləsi əməkhaqqının avans formasında verilməsinə də imkan yaradır. Məsələn, ayın ortasında maaşın bir hissəsi avans kimi ödənilə bilər. Lakin mühasibat uçotu və hesabatlılıq baxımından bu üsul əlverişli olmadığından, əməkhaqqı praktikada əsasən ayda bir dəfə verilir.