QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda təxminən 2 500 məscid fəaliyyət göstərsə də, təyin olunan din xadimlərinin sayı 1 300 nəfərdir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
O, bu fikirləri parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, eləcə də Mədəniyyət komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirib. İsmayılovun sözlərinə görə, təxminən 1000 məsciddə din xadimi yoxdur.
Komitə sədrinin müavini bildirib ki, təyinat alan din xadimlərinin təqribən üçdə birinin ali və ya orta ixtisas dini təhsili mövcud deyil. Xaricdə dini təhsil alaraq Azərbaycana qayıdanların sayı isə ən azı 3 500 nəfər civarındadır.
İsmayılov qeyd edib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkədə dini təhsilə cəlb edilməsi əsas prioritetlərdən biridir. Azərbaycan İlahiyyat İnstitutunun 50-yə yaxın məzunu da xarici ölkələrdə vəzifəyə təyin olunub.