QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Naxçıvan şəhərində “AzerGold” QSC-nin istehsal etdiyi qızıl və gümüş məmulatlarının sərgi-səyyar satış tədbiri keçirilib.

Üç gün davam edən təqdimatın məqsədi yerli sakinləri brendin məhsulları ilə tanış etmək, Azərbaycanda istehsal olunan qiymətli metallardan hazırlanmış məmulatları daha geniş auditoriyaya çatdırmaq və onların əldə edilməsini asanlaşdırmaq olub.

Tədbirdə müxtəlif çeşiddə qızıl və gümüş məhsulları nümayiş etdirilib. Ziyarətçilərin diqqətini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ithaf edilən “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi cəlb edib. “Smartminting” texnologiyası ilə üçölçülü formatda hazırlanan bu nümunə ilə yanaşı, “Naxçıvan” və “Qarabağ” kolleksiyaları, eləcə də Azərbaycanın təbiətini, tarixini, incəsənətini, müasirliyini və qədim ənənələrini əks etdirən 27 adda sikkə təqdim olunub.

Maraqla qarşılanan məhsullar arasında Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin irsinə həsr olunmuş üçölçülü, xüsusi relyefli gümüş xatirə sikkəsi də yer alıb. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanan buraxılış memarın 900 illik yubileyinə ithaf edilib.

İştirakçılara məhsulların çeşidi, dizaynı və əldə edilməsi barədə məlumat verilib. Onlar bəyəndikləri məmulatları tədbirin keçirildiyi yerdə almaq imkanına da malik olublar.

Dövlətin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək, iqtisadi potensialını reallaşdırmaq, sahibkarlığı təşviq etmək və regionun ölkə iqtisadiyyatına inteqrasiyasını gücləndirmək istiqamətində gördüyü tədbirlər bu cür təşəbbüslər üçün şərait yaradır. “AzerGold” məhsullarının Naxçıvanda təqdimatı milli istehsalın təşviqinə və yerli sakinlərin yerli brendlərə çıxışının genişlənməsinə xidmət edir.

“AzerGold” QSC 2026–2028-ci illər üzrə qızıl və gümüş məhsullarının marketinqi və pərakəndə satışı strategiyasına uyğun olaraq, Naxçıvanla yanaşı, ölkənin müxtəlif bölgələrində də tanıtım və sərgi-səyyar satış tədbirləri vasitəsilə məhsulların satış imkanlarını genişləndirməyi davam etdirəcək.