QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakıda avtomobilin vurduğu Esmira Sadıqova xəstəxanada dünyasını dəyişib. Hadisə Məhəmməd Naxçıvani küçəsindəki 15 mərtəbəli binanın yeraltı dayanacağında baş verib.

Binanın komendantı Etibar Qasımovun sözlərinə görə, qadının qarajda yıxıldığı barədə məlumat aldıqdan sonra ora gediblər. Onlar Esmira Sadıqovanı yerdə uzanmış vəziyyətdə görüblər. Üç-dörd dəqiqə sonra qonşu Həsən müəllim təcili yardıma zəng edib. Tibb işçiləri gəldikdən sonra qadın xərəyə yerləşdirilərək xəstəxanaya aparılıb. Bir neçə saat sonra onun vəfat etdiyi məlum olub.

Qasımov bildirib ki, Sadıqova həyətin zibil qutularından müxtəlif əşyalar və geyimlər yığaraq nəvələri üçün aparırmış. Komendantın dediyinə görə, qadın müxtəlif həyətlərdən ərzaq, yararlı əşyalar və paltarlar toplayıb, oğlunun həbsdə olduğunu və topladıqlarını nəvələrinə apardığını söyləyirmiş.

Hadisə şahidlərinin iddiasına əsasən, avtomobili idarə edən Həsən Seyidbəyov qadını vurduğunu bilmədiyini deyib. Onların bildirdiyinə görə, o, hadisədən sonra dayanacağın pilləkənləri ilə mənzilinə qalxıb, baş verənlərdən xəbər tutduqdan sonra təcili yardıma zəng edib.