QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Qubanın kəndlərindən birində oğlunun məktəbdə yaşadığı hadisəyə görə yaranan mübahisə zamanı 30 yaşlı kişi həmkəndlisini vuraraq xəsarət yetirib. Hadisə 2026-cı il fevralın 11-də baş verib.
1996-cı il təvəllüdlü Əsəd evinin qarşısında Zaurla şəxsi münasibətlər zəminində mübahisə edib və yumruqla onun baş nahiyəsinə zərbə endirib. İş üzrə adlar şərti göstərilib.
Əsədə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə ittiham verilib. Məhkəmədə təqsirini qəbul edən şəxs bildirib ki, həmin gün oğlu Valehi məktəbdən gətirməyə gedərkən onun ağladığını görüb. Səbəbini soruşduqda oğlu sinif yoldaşı Sərxanın onu təhqir etdiyini söyləyib.
Əsəd ifadəsində yolda Sərxanla rastlaşdığını, onunla əsəbi danışdığını, lakin uşağa əl qaldırmadığını deyib. Onun sözlərinə görə, saat 17 radələrində Sərxanın atası Zaur evlərinin qarşısına gəlib və oğlunu niyə vurduğunu soruşub. Əsəd bunu inkar etdikdən sonra aralarında söz mübahisəsi yaranıb. O, əsəbiləşərək Zaurun başından bir dəfə yumruqla vurduğunu, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını bildirib.
Zaur isə ifadəsində 2008-ci il təvəllüdlü oğlu Sərxanı məktəbdən götürməyə gedərkən onun ağladığını gördüyünü deyib. Sərxan atasına Əsədin onu sillələdiyini söyləyib. Bundan sonra Zaur Əsədin evinə gedərək oğluna niyə əl qaldırdığını soruşub. Zərərçəkmişin bildirdiyinə görə, Əsəd bunu etdiyini deyərək onun başına bir dəfə yumruq vurub.
Zaur məhkəmədə Əsədlə barışdığını, ondan şikayətçi olmadığını və heç bir tələb irəli sürmədiyini bildirib. Quba Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsini tətbiq edərək Əsədi cinayət məsuliyyətindən azad edib, cinayət işi üzrə icraata xitam verib.