QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Cahangirbəyli kəndində görülən işlərin birinci mərhələsinin açılışında iştirak ediblər.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb. İşğaldan əvvəl burada məktəb, uşaq bağçası, mədəniyyət evi və rabitə şöbəsi fəaliyyət göstərirdi. Cahangirbəyli sakinlərinin əsas məşğuliyyət sahələri baramaçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 21-də kəndi azad edib. Kəndin təməli isə Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin mayında qoyulub.

Sahəsi 179,5 hektar olan kəndin birinci mərhələsində 62,57 hektarlıq ərazidə 242 fərdi ev, məktəb, körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi və çoxfunksiyalı bina inşa edilib. Evlər iki, üç, dörd və beş otaqlıdır. Bütün yaşayış evləri su, elektrik, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təchiz olunub. Kənddaxili yollar asfalt örtüyü ilə salınıb.

Çoxfunksiyalı binada həkim-tibb məntəqəsi və apteklə yanaşı, market, dərzi və gözəllik salonu da fəaliyyət göstərəcək.

80 uşağın qəbulu üçün nəzərdə tutulan körpələr evi-uşaq bağçasında balacaların rahatlığı üçün şərait yaradılıb. Otaqlar uşaqların dincəlməsi, ilkin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün zəruri imkanlarla təmin olunub.

İnzibati binanın yaxınlığında Bayraq meydanı salınıb. Meydandakı bayrağın dirəyinin hündürlüyü 10,4 metrdir. Ətrafda uşaq meydançası, fiziki aktivliyi artırmaq və sağlam həyat tərzini təşviq etmək üçün idman zonası, eləcə də park yaradılıb.

Kəndin indiki mənzərəsi 2021-ci ildə çəkilmiş görüntülərlə müqayisədə böyük fərq göstərir. Həmin vaxt Müdafiə Nazirliyinin lentə aldığı kadrlarda dağıdılmış və talan edilmiş Cahangirbəyli əks olunurdu. Bu gün isə kənddə yeni yaşayış məntəqəsi qurulub.