QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakıda istilik mövsümünün noyabrın 15-də başlamasına baxmayaraq, iki yaşayış binasında istiliklə bağlı problem yaranıb.

4-cü mikrorayon, Cavadxan küçəsi, 68 ünvanında yaşayan sakinlər binaya hələ də istilik verilmədiyini bildiriblər. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq, məsələ həllini tapmayıb.

“Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elvin Basqallı problemin magistral xətdəki axıntı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, axıntının yeri müəyyənləşdirilir və nasazlığın qısa müddətdə aradan qaldırılması nəzərdə tutulur.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Zaur Şərifov küçəsi, 22 ünvanında yerləşən binada isə beş gündür istilik yoxdur. Basqallı buna binadakı ventillərin oğurlanmasının səbəb olduğunu açıqlayıb.

İstilik verilişinin bazar ertəsindən bərpa olunacağı gözlənilir.