QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, mənzillərin və obyektlərin sahəsini artırmaq üçün binaların daşıyıcı konstruksiyalarında edilən dəyişikliklər təhlükəsizlik baxımından ciddi risk yaradır. Bu, xüsusən istismar müddəti bitmiş yaşayış binalarının dayanıqlılığına mənfi təsir göstərir.

Yaşayış binalarında kolonların kəsilməsi, divarların sökülməsi, şaxtalara müdaxilə və digər icazəsiz dəyişikliklər sakinlər üçün təhlükə mənbəyi ola bilər. Belə addımların nəticələri yalnız müdaxilənin edildiyi mənzillə məhdudlaşmır, binanın digər sakinlərinə də təsir göstərə bilər.

Türkiyədə qanunsuz konstruktiv dəyişikliklərə qarşı daha sərt tələblər müəyyənləşdirən qanun layihəsinin hazırlanması Azərbaycanda da bu istiqamətdə tədbirlərin görülməsi məsələsini aktuallaşdırıb.

Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, ilk növbədə istismar müddəti başa çatan binaların texniki monitorinqi aparılmalıdır.

Onun sözlərinə görə, vəziyyət sovet dövründə tikilən, əsas prospektlərin və yolların kənarında yerləşən beş və doqquzmərtəbəli binalarda daha çox narahatlıq doğurur. Bu binaların birinci mərtəbələrində mənzillərin ticarət obyektinə çevrilməsi zamanı müxtəlif konstruktiv elementlərə müdaxilə edilib.

“Dəyişikliklərin əksəriyyəti özbaşına aparılır. Konstruksiyalara zirzəmi səviyyəsində də müdaxilə halları var. Buna Memar Əcəmi metrosunun yaxınlığındakı binaları misal göstərmək olar. Digər metro stansiyaları ətrafında, xüsusən əsas prospektlər boyunca yerləşən yaşayış binalarında da belə hallar mövcuddur”, – Elnur Azadov qeyd edib.

Ekspert problemin daha çox Bakı, Sumqayıt və Gəncədə müşahidə edildiyini bildirib. Onun fikrincə, risklərin qiymətləndirilməsində ilk növbədə köhnə və istismar müddətini başa vurmuş yaşayış fonduna diqqət ayrılmalıdır.

Azadov yeni tikililərdə də qanunsuz dəyişikliklərin olduğunu istisna etməyib. O bildirib ki, burada əsasən bir və ikiotaqlı kiçik mənzillərin sahəsini genişləndirmək üçün dəyişikliklər edilir.

“Yeni binalarda balkonların bağlanması, mətbəxin dəhlizə və ya balkona köçürülməsi, bəzi arakəsmələrin sökülməsi halları ilə rastlaşırıq. Bəzən texniki daşıyıcı divarlara, mühəndis-kommunikasiya şaxtalarına və binanın ümumi istifadəsində olan sahələrə də müdaxilə olunur. Bununla belə, yeni tikililərdə risk köhnə yaşayış binalarındakı qədər yüksək deyil”, – deyə ekspert vurğulayıb.

Azadovun fikirlərinə görə, problemin həlli üçün köhnə yaşayış fondunun texniki vəziyyəti qiymətləndirilməli, konstruktiv dəyişikliklərə nəzarət gücləndirilməlidir.