QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, NVIDIA-nın prezidenti, baş icraçı direktoru və direktorlar şurasının üzvü Jensen Huangın tutduğu vəzifələrdən ayrıldığı barədə məlumat yayılıb.
Yayılan iddialara görə, şirkətə müvəqqəti rəhbərlik maliyyə direktoru Colette Kressə tapşırılacaq. Direktorlar şurasının isə Huangı daimi əvəz edəcək şəxsin seçilməsi üçün namizədləri qiymətləndirəcəyi bildirilir.
Məlumatlarda istefanın Huangın şəxsi həyatı ətrafında yaranan qalmaqallarla əlaqəli olduğu iddia edilir. Onun nikahdankənar münasibətlərinə dair xəbərlərin NVIDIA səhmlərinin qiymətinə də mənfi təsir göstərdiyi qeyd olunur.
İddialara əsasən, Huang iş adamı Elis Huangla münasibətdə olduğunu etiraf edib. Onun Çin Xalq Respublikasının maraqları üçün fəaliyyət göstərməsi ehtimalı barədə şübhələr də səsləndirilib. Jensen Huangın baş verənlərə görə təəssüf ifadə etdiyi irəli sürülür.
Bundan az sonra Huangın şirkətin əməkdaşlarından biri ilə də münasibət yaşadığına dair xəbərlərin ortaya çıxdığı iddia edilir.
Yayılan məlumatlarda bu xəbərlərin NVIDIA səhmlərinin kəskin ucuzlaşmasına gətirib çıxardığı bildirilir. NVIDIA dünyanın aparıcı çip istehsalçıları sırasındadır.