QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Anar Bayramov noyabrın 27-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlarla görüşəcək.
Qəbulda Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər. Bu, Bayramovun yeni vəzifəyə təyin olunmasından sonra nazirin rayonda keçirəcəyi ilk qəbul olacaq.
Səhiyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, vətəndaşlarla görüşlər təsdiqlənmiş qrafik üzrə nazir və digər rəhbər şəxslər tərəfindən qurumun inzibati binasında təşkil olunur. Rayonlarda deyil, nazirliyin binasında qəbul keçirilməsi dövlət tibb müəssisələrinin əksəriyyətinin birbaşa qurumun tabeliyində olmaması ilə izah edilirdi.
TƏBİB və Səhiyyə Nazirliyinin səlahiyyətləri bölüşdürülməzdən öncə rayonlarda vətəndaş qəbulları keçirilirdi. Bir ay əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.